İkiüzlü Fransa – Müzakirə    

15:14 16.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son iki ildə Azərbaycana qarşı açıq düşmən mövqe sərgiləyən, erməni separatizmini tətikləyən Fransa yenidən dünyada özünü biabır etməkdədir. Korsika adasında yaşanan olaylar demokraik dəyərlər, insan hüquq və azadlıqlarının kobud şəkildə tapdalanması, bütöv bir xalqın 21-ci əsrdə müstəmləkəçilik ruhu ilə idarə olunmasının göstəricisidir.   Halbuki məhz əslən korsikalı olan Napoleon fransızlara tarixdə görmədikləri şöhrəti gətirmişdi. Ömrünün sonuna qədər də fransızca danışmağı öyrənə bilməmişdi. İndi isə, Makron sanki Bonapartdan intiqam alırmış kimi, Korsika əhalisinə dogma dillərindən istifadə hüququnu belə qadağan edir.

Rəşad Bayramov, politoloq:

- Korsikanın müstəqillik mübarizəsini separatizm hesab edən rəsmi Paris korsikalıların milliyyətini pasportlarında “fransız” yazmaqla, unutdurmağa çalışdı. İndi isə Korsika dilinin aradan qaldırılması istiqamətində addımlar atır. Fransanın Korsika problemi uzun illərdir ki, davam edir. Belə ki, Korsika adasında müstəqillik uğrunda mübarizənin tarixi 200 ildən artıqdır. Rəsmi Paris Korsika adası ətrafında baş verənləri Fransanın ərazi bütövlüyünə qarşı separatizm fəaliyyəti kimi dəyərləndirir. Korsika adasının müstəqillik tələbləri ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçılarının fəaliyyəti arasında ciddi fərqlər mövcuddur. Belə ki, ermənilər Azərbaycanın Qarabağ bölgəsində aborigen xalq deyillər. Onlar bu bölgəyə Çar Rusiyası tərəfindən, əsasən İrandan sonradan köçürülmüş gəlmələrdir. Korsikanın müstəqilliyini tələb edən yerli xalq bu adanın aborigen sahibləridir. Aralıq dənizindəki bu ada dəfələrlə yadellilər – yunanlar, romalılar və s. tərəfindən işğal olunub. Nəhayət, 1755-ci ildə bu ada növbəti dəfə azadlığa qovuşub və Korsika Respublikası elan edilib. Bununla belə, Korsika Respublikasının müstəqilliyi uzun sürməyib. Fransa 1768-ci ildə bu adanı işğal edib və öz ərazisinə qatıb. Həmin gündən korsikalılar yenidən öz dövlətlərini yaratmaq uğrunda mübarizə aparırlar.  Onu da qeyd edim ki, statistikaya görə, Korsika faktiki olaraq Fransanın ən kasıb regionudur. Başqa sözlə desək, rəsmi Paris həmin bölgəyə sərmayə qoyulması, iş yerlərinin açılması istiqamətində heç bir addım atmır. Nəticədə, ada yalnız turizm hesabına ayaqda qala bilir. Əhali isə, xüsusən də gənclər öz yurdlarını tərk etmək məcburiyyətində qalırlar. Korsikaya muxtariyyət tələbi ilə çıxış edən təşkilatlar və ayrı-ayrı şəxslər separatçı və terrorçu elan edilir, haqlarında cinayət işləri qaldırılır və onlar həbsə məhkum edilirlər. 2000-ci illərin əvvəllərində rəsmi Paris korsikalılara bəzi güzəştlərə getdiyini, onlara ölkə parlamentidə ayrıca təmsilçilik hüquqlarının veriləcəyini vəd etsə də, həmin vədlər yerinə yetirilməyib. Fransanın ərazi bütövlüyü baxımından, rəsmi Parisin mövqeyi müəyyən mənada, başadüşüləndir. Rəsmi Paris eyni mövqedə ardıcıllığı qorumağa da borcludur. Yəni, separatizm fəaliyyəti Fransaya qarşı olanda rəsmi Paris dərhal onu boğmağa çalışır. Başqa dövlətlərə, xüsusilə də Azərbaycana qarşı yönəlmiş olanda isə rəsmi Paris separatizm fəaliyyətini məmnuniyyətlə dəstəkləyir, hətta onu gücləndirməyə çalışır. Erməni separatçı-terrorçularına “status” verilməsində israr edir. Bu cür ikili yanaşma Fransanın, əslində, necə bir siyasət yürütdüyünü tam çılpaqlığı ilə ortaya qoyur. Ona görə də, rəsmi Paris “Korsika problemi”ni qətiyyən nəzərdən qaçırmamalı və bizim ərazimizdə separatçılara dəstək verməkdənsə, elə öz ərazisində insanların öz ana dilində danışmaq hüququna hörmətlə yanaşmalıdır.

Zaur Məmmədov, politoloq:

- Fransanın hazırkı Makron hakimiyyəti çox rüsvayedici siyasət aparır. Vəziyyət o həddə çatıb ki, Fransanın təhlükəsizliyinə, suverenliyinə heç bir təhdid yaratmayan kiçik bir coğrafiyanı təşkil edən Korsika dilinin parlamentdə ləğvinə qərar verilib. Bu, əslində, Fransanın başqa xalqlara qarşı törətdiyi mənəvi bir soyqırımı, genofonda qarşı vurulmuş zərbədir. Başqa dövlətlərin suverenliyinə hörmətsiz yanaşan Fransa hökuməti öz içində bütöv bir xalqın adını və dilini qadağan etdiyi halda, guya erməni xalqının “təəssübünü çəkib”, buna görə az qala Azərbaycanı “soyqırımında” ittihamlayaraq riyakarlıq nümayiş etdirir.  Fransanın Korsika dilini qadağan etməsinin heç bir hüququ əsası yoxdur. Buna yalnız Korsika Parlamenti, Korsika Qanunvericiliyi ilə məşğul olan instansiyalar qərar verə bilərlər. Korsika dilinin qadağan olunması Fransa hökumətinin təhriki ilə baş verib. Fransa tərəfindən diqtə edilən qərarların Korsikada qəbul edilməsi onu göstərir ki, Paris Afrikanın şimalında və mərkəzində həyata keçirdiyi müstəmləkəçilik siyasətini davam etdirir. Bir tərəfdən də öz ərazisində – Qarabağda ermənilərin hüquqlarını, təhlükəsizliyini təmin etməyə hazır olan, digər xalqlar kimi ermənilərin də təhsil, din, dil haqqını tanıyan Azərbaycanı daim “qeyri -humanist” və “qeyri-demokratik” olmaqda ittiham edir. Fransa hökuməti BMT-nin “Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökmü ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır” kimi narahatlıq və etirazdolu bəyanatlarını qulaqardına vurur. İstər BMT, istərsə də beynəlxalq qurumların ayrı-ayrı instansiyaları Fransanın ərazisində olan icmalara qarşı ciddi kobud rəftarı, onların hüquqlarını pozması ilə bağlı dəfələrlə bəyanatlar verib. Avropa İttifaqının əsas üzvlərindən biri olan Fransanın bu cür rüsvayedici siyasət aparması təəssüf doğurur. Erməni dəyirmanına su tökən, Azərbaycanı yersiz qınayan Fransa hökuməti yaxşı olardı ki, öz gözündəki “tirə” baxsın, başqa xalqlara qarşı necə mürtəce davrandıqlarını görsün. Fransada multikultural dəyərlər məhv edilib. Ayrı-ayrı xalqlar, miqrantlarla yerli əhali arasında ciddi mədəni, psixoloji, sosial ziddiyyətlər mövcuddur. Bunun da arxasında hökumətin apardığı rüsvayedici siyasət durur. Əminəm ki, Fransa xalqı özü hökumətin apardığı bu siyasəti bəyənmir. Orada keçirilən etiraz aksiyaları, mitinqlər də bunu göstərir.

Xəzər Teyyublu, hüquq müdafiəçisi:

- Dünyada özünü "sülh göyərçini" kimi göstərməyə adət edən Fransanın Korsika dilini ləğv etməsi bu ölkənin müstəmləkə siyasətinin göstəricisidir. Fransa kimi bir dövlətin digər dövlətlərin, xalqların həyatına təsir etmək istəyi, Azərbaycan el misalı "özünə umac ova bilmir, başqasına əriştə kəsir” məsəlinə bənzəyir.

Fransa hökumətinin bu addımı biabırçılıqdır. Bu bir daha göstərir ki, Fransa üçün “demokratiya, insan hüquqları məsələsi” görüntüdür. Fransa özünün istila, müstəmləkə siyasətini bu gün də Korsika üzərində davam etdirir.  Amma dünyanın gözü tərəzidir. Fransanın Afrikada həyata keçirdiyi müstəmləkə siyasəti və bu gün də erməni bacısının üzərindən Cənubi Qafqazdakı prosesləri diqtə etmək arzusu bu ölkənin mahiyyətini ortaya qoyur.

Bir xalqın ana dilini ləğv etdirib, öz dilini qəbul etdirmək Fransa kimi müstəmləkəçi dövlətlərin mahiyyətidir. Fransa aborogen korsikalılara öz hikkəsini qəbul etdirməklə, demokratiya, insan hüquqlarına utanc gətirir.

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı:

Fransanın Korsikada yerli dili qadağan etməsi – korsikalıları milli, etnik və mədəni əsaslara görə əsas hüquqlardan kobudcasına məhrum etməklə törədilən insanlıq əleyhinə cinayәtdir. Müasir dünyada, xüsusən insan hüquqlarının beynəlxalq hüququn əsas elementinə çevrildiyi bir dönəmdə irqçi, faşist ideyalarını Fransa kimi dövlət səviyyəsində təşviq edən ölkələrə çox az rast gəlinir. İkinci belə timsala yalnız monoetnik Ermənistanda rast gəlmək mümkündür ki, Fransa dövləti də özünün dövlət siyasətinə uyğun olaraq İrəvanın bu yanaşmasını açıq formada müdafiə edir.

Görünən odur ki, bir zamanlar özünün yeni insan konsepsiyası, hüquq və azadlıq ideyaları ilə öyünən Qərb dünyası Fransanın simasında bu dəyərləri itirməkdədir. Tam məsuliyyətlə deyə bilərik ki, Fransanın Korsikadakı son həmləsi, əslində, bəşəri təhdiddir və bu cinayətlərə "Dur" deyilməzsə, Avropada yeni faşizm dalğasına rəvac verilmiş olacaq.

Bildiyiniz kimi, artıq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev Bakıda Hərəkatın Təmas Qrupunun Zirvə görüşündə Fransanı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırmışdı. Şərqdə, o cümlədən Azərbaycanda "hüquq ovu"na çıxan insan hüquqlarının müdafiəsi üzrə təşkilatlar, digər Qərb təsisatları, ələxsus Avropa Parlamenti riyakarcasına susmamalıdır. Fransa etnik haqların qorunması istiqamətdə qanunvericilik bazası və tolerant mühit baxımından Azərbaycana nəsə öyrətmək yox, yalnız və yalnız Azərbaycandan öyrənə bilər.

 

Siyasət rubrikasından digər xəbərlər